Məhsul kodu: 11485
Xəzərin göz yaşları yazıçının sağlığında dərc olunmuş sonuncu romanıdır. Bu əsəri 2002-ci ildə, vəfatından bir il əvvəl qələmə alıb. Azərbaycan ədəbiyyatında bu mövzuya ilk dəfədir ki, müraciət olunur. 1938-ci ildə o taydan bu taya bir parça çörək qazanmaq üçün gəlmiş güneyli soydaşlarımızı Stalinin göstərişi ilə üç-dörd günün içində məcburən İrana deportasiya edirlər. Bu prosesdə baş vermiş faciələr miqyası etibarilə heç də bir il əvvəlki repressiya dalğasından geri qalmırdı. Bu dəfə sadə insanların həyatı alt-üst edilmişdi, ana baladan, ər arvaddan, nişanlılar bir-birindən əbədi olaraq ayrı düşmüşdülər. Xalq şairi Balaş Azəroğlunun ailəsi də bu deportasiyadan öz nəsibini almışdı. Unudulmaz şairimiz başlarına gətirilmiş bu müsibəti özünün Xatirələrim kitabında müfəssəl qələmə alıb. Əzizə xanım yazır ki, bu roman mənim bir yazıçı kimi fəryadımdır:
Əziz oxucum! Yadından çıxarma, sənin xalqının taleyində bir 38-ci il olub. Faciəsiylə heç də 37-ci ildən geri qalmayan 38-ci il olub millətimizin taleyində... Ana balasından ayrı düşəndə mələr demişik. O mələrtidən bu 38-in mələrtisi daha faciəli oldu. Millətin doğma torpağında vətəndaşlıq hüququ olmadı. Nəticədə pənahəndə olub qaldı .
Stalin rejiminin törətdiyi faciələrdən biri də 38-ci il faciəsidir. Bu faciənin insan talelərindəki dağıdıcı təsiri romanın hər səhifəsində, hər cümləsində oxucunun qəlbini yaralayır.