Məhsul kodu: 12101
Britaniya əsilli Amerika nevroloqu və neyropsixoloqudur, tibb dərəcəsini Oksford Universitetində alıb.
16 kitabın müəllifidir. Dünyaşöhrətli “Nyu York Times” onu “müasir tibbin poeziya laureatı” adlandırıb. Saksın kitabları dünyanın 20-dən çox dilinə tərcümə edilib. Milyon tirajlarla satılan kitablar əsasında filmlər çəkilib, tamaşalar qoyulub.
Oliver Saks Britaniya İmperiyası Ali Ordeninin sahibi, həmçinin Amerika İncəsənət və Elmlər Akademiyasının, Nyu-York Elmlər Akademiyasının, Kral Həkimlər Kollegiyasının, Oksford Kulinz Kollecinin həqiqi üzvüdür.
Bizi biz edən yaddaşımızdır iddiası məntiqli görünür, elə deyilmi? Ayağını və ya gözünü itirən adam bundan xəbərdardır; bəs yaddaşını itirən necə? Bunu özündən soruşub öyrənmək mümkün deyil, çünki itkini dərk edən şəxsiyyət özü yoxa çıxıb, kim olduğunu belə xatırlamır.
Bəs, görəsən, yaddaşını itirməklə öz saf, bakiranə fitrətinə dönmüş biri nə hiss edir? İnsanın psixikasının ən gizli qatlarında yaddaşla birlikdə silinməyən məlumatlar, hisslər, meyillər, arzular varmı? - bu sualların təhriki ilə axtarışa çıxan Oliver Saksı məsələnin tibbi tərəfi ilə yanaşı mənəvi və ontoloji yönü də düşündürürdü. Dünya şöhrətli nevroloq və neyropsixoloq Saks şüurun ağır zədələnməsinin ali duyğuları yox etmədiyini, bəzi məqamlarda insanı bütün varlığı ilə mənəvi aləmlərə qapı açmağa sövq etdiyini aşkara çıxarır – düşdüyü vəziyyətdən çaşqın və pərişan olsa da, insan qəlbi toxunuşla aramlıq və təsəlli tapır. Cəmiyyətin “məhdud” adlandırdığı insanların dünyalarına daxil olan yazıçı sanki əbədi olaraq bizimləymiş kimi istifadə etdiyimiz hissləri, qabiliyyətləri itirdikdə nələr baş verdiyini təsvir edir, beyin, bədən və ruhun səfərbər olaraq necə fövqəladə bacarıqla idrak çatışmazlıqlarını kompensasiya etdiyini göstərir. Bu, təkcə nevroloji pozuntular haqqında məlumatlandırıcı bir əsər deyil, həm də naqisliyin gözəlliyi qarşısında riqqətə gəlmiş elm adamının fəlsəfi düşüncələridir.