Məhsul kodu: 12274
Gəzən ölülər əsəri qəddar qətl səhnəsi ilə başlayır. Tapmacanın əsas açarı Farer Adalarının ikinci ən böyük şəhəri olan Klaksvikdə yetmiş il əvvəl baş verən hadisələrdə gizlənib. Bu yaşananlar, əslində, son dərəcə hüzurlu, sakit həyat tərzinə malik olan Danimarkada az qala vətəndaş müharibəsinə gətirib çıxaracaqdı. Klaskvikdə çox sevilən bir həkim - Halvorsenin keçmişdə nasist partiyası ilə bağlılığı olub. Və 1953-cü ilin məhkəməsindən sonra ona Danimarka ərazisində həkim kimi fəaliyyət göstərmək qadağan edilib. Farer Adalarının paytaxtı Torshavndan əyalətə onun işdən çıxarılması barədə göstəriş verilib. Bir neçə illik konfliktdən, anlaşmazlıqdan, düşmənçilikdən sonra şəhərin küçələrinə Danimarka polisi və hərbi gücləri yeridilib. Əslində, həddən artıq banal bir məsələ üzərindən bağlanmış konflikt daha ciddi münaqişəyə çevrilib. Artıq bu konfliktə paytaxt-əyalət münaqişəsi kimi baxanlar da çox idi. Ortada üç münaqişə tərəfi vardı: farerli separatçılar, ittifaqçılar va Danimarka ordusu. Amma məsələnin ən faciəvi tərəfi, bəlkə də, Klaksvik kimi həmişə birlik içində olan bir cəmiyyətin parçalanmasıydı. Hətta bu gün belə, həmin dövrün yaraları tam olaraq sağalmayıb. İsaksenin tərifini mütləq vermək lazımdır. O, usta bir şəkildə Farer Adalarının keçmişinə nəzər salaraq bu gün adalarda baş verənləri tarixi hadisələrlə əlaqələndirmişdir.