Məhsul kodu: 3013
Vəsait Azərbaycan Respublikası Prezidentinin 27 dekabr 2011-ci il tarixli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nın icrası zəminində hazırlanmışdır. Vəsaitdə cinayət mühakimə icraatında konfidensiallığın (dövlət sirrinin, şəxsi, ailə, mənzil və yazışma, eləcə də kommersiya, peşə və istintaq sirrinin) mühafizəsi ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi və istintaq təcrübəsinin “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququnun müddəalarına uyğunluğu məsələləri araşdırılmış, müqayisəli təhlillər aparılmış, konkret normaların tətbiqi ilə əlaqədar müvafiq şərhlər, təkliflər və izahlar verilmişdir.
Ölkəmizdə formalaşmaqda olan informasiya cəmiyyətində informasiya və biliklər ən mühüm resursdur. Vətəndaşların, cəmiyyətin və dövlətin həyatında informasiyanın, informasiya resurslarının və texnologiyalarının rolunun artması informasiya təhlükəsizliyi məsələlərini ön plana çıxarır. Müasir cəmiyyət tədricən öz informasiya infrastrukturunun təhlükəsizlik səviyyəsindən asılı olur.
Bu nəşr cinayət mühakimə icraatında informasiya təhlükəsizliyi və konfidensiallığın hüquqi tənzimlənməsi – milli qanunvericilik və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququnun tətbiqinə dair metodik vəsait kimi həmin sahədə işlənib hazırlanmış ilk tədqiqat əsəridir. Çox ehtimal ki, bu vəsait qeyd edilən istiqamətdə hüquq-mühafizə orqanları əməkdaşlarının, o cümlədən bu orqanların kadr korpusunda xüsusi çəkisi ilə fərqlənən gənclərin hüquqi biliklərinin və peşə qabiliyyətinin artırılmasında müəyyən rol oynayacaq, bu sahədə yüksək keyfiyyət göstəricilərinə malik yeni hüquq ədəbiyyatı nümunələri hazırlanması işini stimullaşdıracaqdır.