Məhsul kodu: 3844
İsmayıl Şıxlının (1919-1995) romanlarının şöhrəti bəzən bir məsələni unutdurur. O, həm də mahir hekayə ustası idi. İri əsərləri ilə bərabər onun hekayələrində də mənəvi-əxlaqi dəyərlər öz əksini tapırdı. Məni itirməyin , Köynək , Namus qaçağı , Namərd gülləsi , Qızıl ilan və başqa hekayələri mövzu və məramına görə romanları ilə bir yolda inamla addımlayan nümunələrdi. İsmayıl Şıxlının hansı əsərini oxusan, gözlərinin qarşısında böyük bir mənzərə açılır, lövhələr yaranır.
İsmayıl Şıxlının Əfsanələr və rəvayətlər silsiləsindən hekayələri də var. O, xalq arasında yayılmış əfsanə və rəvayətləri mövzu kimi seçmiş, bu mövzulara yeni nəfəs vermiş, poetik, oxunaqlı bir formaya salmış, Azərbaycan dilinin, eləcə də söz sənətinin imkanları baxımından işləmişdir. İsmayıl Şıxlı burada xalqdan öyrəndiklərini xalqın özünə qaytarmaqla həm xalqın yazdıqlarını yaşatmış, həm də özünün bədii təxəyyülünü əsl yazıçı səviyyəsində təqdim etməyi bacarmışdır. Bu əfsanə və rəvayətlərin hər birinin adı arxasında dərin fəlsəfə durur. Elə bir həyat fəlsəfəsi ki, o həyat fəlsəfəsi hər bir kəsin taleyinin içindən keçir.