Məhsul kodu: 4383
Bir gün təsadüfən üzərində “Gürzəçöl yazıları” yazılmış dəftər əlimə keçdi. Adını eşitsəm də, əsərin özünü görməmişdim.“Tapıntı”ma sevindim. Dəftəri, cırılmasın deyə, ehmalla vərəqlədim. Mürəkkəbli qələmlə yazılmış pritçalar idi. Üstündə çox əl gəzdirilmiş, nəsə pozulmuş, nəsə yazılmışdı. Bu, qaralama idi. Sənə: “Gəl bunu makinada yığım, çap edək” – dedim. Və indiyədək dəftəri görmədiyimə görə təəccübümü gizlətmədim. Sən çox ciddi tərzdə dəftəri əlimdən alaraq: “Üzərində işləməliyəm” – dedin. (Bu zaman, düzü, bir az incidim də) Və dəftəri göz- dən uzaq bir yerə qoydun. Belə ki, daha heç gözümə də dəymədi. Sonralar o yazıların taleyi ilə bağlı bir-iki dəfə maraq göstərsəm də, sənin susmağın mənimçün də bu mövzunu bağladı. O gündən nə az, nə çox 15 il vaxt ötdü... “Gürzəçöl yazıları”nı bu gün tapdım. Yox, bu “tapıntı”ma daha sevinmirəm. İçimdə bir üşütmə var. Dəftər də əlimə ağır gəlir. Daş kimi ağır... Sənin yoxluğun yazılarının çəkisini də ağır edib...