Məhsul kodu: 4680
Kitabda Bakı uğrunda mübarizənin şiddətli dövründə – 1918-ci ilin avqustunda eser-menşevik-daşnak alyansının – Sentrokaspi diktaturasının çağırışı ilə Azərbaycana gələn, ingilis işğal qüvvələri – Densterforsun və onun komandanı, general Lionel Denstervilin ölkəmizə və xalqımıza, Azərbaycan Cümhuriyyətinə qarşı çevrilmiş fəaliyyəti araşdırılır. Cənubi Qafqazda Böyük Britaniya maraqlarını qoruyan Densterfors bütün mümkün vasitələrlə Bakının həqiqi sahiblərinin – Azərbaycan türklərinin nəzarətinə keçməsinə mane olmağa çalışırdı. Bu hərbi-siyasi avantürada onun ən yaxın müttəfiqi ermənilər idi. Tədqiqat prosesində əsas mənbə kimi ingilis generalının memuarlarından və gündəliyindən istifadə edilib. Denstervilin gündəliyinin Bakı ilə bağlı hissələri müəllifin ingilis dilindən tərcüməsində əsərin “Əlavə” bölməsində verilib.
Ötən yüzilliyin mühüm hadisəsinin – Bakının işğaldan azad olunmasının 100 illiyinin bayram edildiyi bir vaxtda işıq üzü görən kitab Azərbaycan Cümhuriyyəti hərbi birliklərinin və Qafqaz İslam ordusunun böyük tarixi zəfərini ingilis qaynaqları əsasında işıqlandırmaq baxımından ilk təşəbbüsdür.
Kitab tarixçilər, politoloqlar və ümumən geniş oxucu çevrəsi üçün maraq doğura bilər.
Dunstervil yaxud Dunsterforce – Əslində ingilis generalının soyadı və onun komandanı olduğu ordunun adı Azərbaycan dilinə müvafiq surətdə Danstervil və Dansterfors şəklində transkripsiya edilməlidir. Lakin indiyə qədər istər rus, istərsə də azərbaycandilli elmi ədəbiyyatda Denstervil və Densterfors variantlarından istifadə edildiyi üçün biz də qarışıqlıq yaratmamaq məqsədi ilə mövcud ənənədən kənara çıxmadıq” (Müəllif)