Məhsul kodu: 8821
Mariya Aleksandrovna Moskalyova intriqabaz, hikkəli və hiyləgər qadındır. Məmurluqdan qovulmuş ərinə zülm edən, yaşadığı Mordasov şəhərində hamının nifrətini qazanan Mariya 23 yaşlı qızı Zinanı təsadüfən Mordasova gələn, onların da evinə baş çəkən qoca knyaz K.-ya ərə vermək istəyir. Mariya hiyləgərliyini işə salaraq qızının yeganə “pərəstişkarı” olan Pavel Mozqlyakovu da sıradan çıxara bilir. Mariyanın yeganə arzusu yaşadığı cansıxıcı şəhərdən qurtulub ali təbəqəyə yol tapmaq, əsilzadələrə qoşulmaqdır. Bu arzusuna çatmaq üçün ən asan yol isə Avropada yaşamış, nitqinə bəzən hətta fransız kəlmələri də qatan sərsəm knyaz K.-dır. Qoca knyaz Zinanı bir dəfə görsə də, sərxoş halda ona vurulur, qarşısında diz çöküb evlilik təklif edir. Bu isə Mariyanı lap həyəcanlandırır. Xüsusən bu məqamlarda qadının nə qədər iyrənc xarakter sahibi olduğu üzə çıxır. Lakin qısqanc, paxıl və uğursuz gənc – Pavel Mozqlyakov qocanı inandırmağa çalışır ki, onun xatırladıqları əslində yuxudur. Knyaz etdiklərini xatırlamadığı üçün bu gəncə inanır. Çünki o, ağlını və yaddaşını çoxdan itirib. Ona görə də sərxoşluqdan ayılandan sonra Zinanın heç adını da xatırlamır...