Məhsul kodu: 9412
Corc Sanders müasir ABŞ ədəbiyyatında qeyri-adi dəsti-xətti ilə seçilən, əsərləri onlarla ədəbiyyat mükafatına layiq görülən, kitabları New York Times ın bestsellerlər siyahısına düşən qələm ustalarındandır. Time jurnalının rəyinə görə, ingilisdilli ədəbiyyatda ən yaxşı, ən yaxşılardan biri yox, güman ki, ən yaxşı da yox, məhz ən yaxşı təhkiyə ustası Corc Sandersdir.
Bəli, Sandersin sərrast müşahidəsi, incə yumoru neçə ildir ki, ədəbiyyat həvəskarlarının, ədəbi tənqidçilərin xüsusi diqqət mərkəzindədir. Bundan başqa, Sanders üçüncü şəxs kimi personajlarının fikrinə dalmaqla onların şəxsiyyətini açmağın böyük ustası sayılır. Yazıçı bundan ötrü bəzən primitivizm səviyyəsinə enməyə, bəzən mürəkkəb, qeyri-real fantastik mühitlər qurmağa hazırdır. Oxucu bu personajları iki baxış bucağından izləyir: obrazların daxili dialoqları vasitəsilə və onların beyninə qonmuş yazıçının təhkiyəsi vasitəsilə. Sanders konsyumerizmi, maniakal şoppinq azarını qamçılayır, ismarışlarını cəmiyyətə ən sadə yollarla göndərir.
Yazıçının üslubu son dərəcə mütəhərrikdir. Onun hekayələri rəvan, birnəfəsə mütaliə vəd edir, çünki onlar obrazların öz fikirləri ilə ifadə edilib - insan isə öz düşüncələrində heç vaxt yersiz təfərrüatlara varmır. 10 dekabr hekayələr toplusu bu mənada Corc Sandersin bəlkə də ən gözəl əsərlərinin çələngidir.