Məhsul kodu: 9618
Kitab yəhudi əsilli dahi polyak pedaqoqu Yanuş Korçakın həyat və fəaliyyətinə həsr olunub. Müəllif Yanuş Korçakın həyatı ilə yanaşı, pedaqoji, bədii əsərlərini, publisistik, tibbi məzmunlu məqalələrini, eləcə də onun 30 il çalışdığı, özünəməxsus təlim-tərbiyə mühiti qurduğu «Yetimlər evi»ni təhlilə cəlb edir, Yanuş Korçakın kimsəsiz uşaqların təhsili, yaşayışı, həyata adaptasiya olunmaları yolunda fədakarlığını qələmə alır. Oxucu əsərdə Yanuş Korçakın uşaqlıq illərindən tutmuş, ömrünün sonuna qədər keçdiyi keşməkişli həyat yolunu izləmək imkanı əldə edir, əsl müəllim, tərbiyəçi, həkim obrazı ilə qarşı-qarşıya dayanır. Yanuş Korçakın iki dünya müharibəsi, qlobal pandemiyalar, aclıqlar, lokal münaqişələr dövründə özünü unudaraq, uşaqların gələcəyi naminə çalışması, yaratdığı elmi-pedaqoji konsepsiya, tərbiyə nəzəriyyəsi müəllif tərəfindən tədqiq olunaraq oxucuya təqdim edilir. Əsərdə Yanuş Korçak uşaqların yaxın dostu, sirdaşı, xilaskarı kimi göstərilir, eyni zamanda, dahi pedaqoqun ayrı-ayrı əsərlərindən aforizmə çevrilmiş fikirlərinə də yer verilir. Görkəmli şəxsiyyətlərin, elm, sənət adamlarının, həmçinin yetirmələrinin Yanuş Korçak haqqında ayrı-ayrı zamanlarda səsləndirdikləri ifadələr maraq doğurur.
Qeyd edək ki, dahi pedaqoq Yanuş Korçak Varşava yaxınlığındakı Treblinka qəsəbəsində, 1942-ci ilin avqust ayında faşistlər tərəfindən “Yetimlər evi”nin uşaqları ilə birlikdə qaz kamerasında boğularaq qətlə yetirilib. Onun bir neçə dəfə almanların yaratdıqları həbs düşərgəsindən qaçmaq imkanı olsa da, o, uşaqları tək qoymayıb, onlarla birlikdə ölümü qəbul edib.