slide

Çingiz Abdullayev

Çingiz Abdullayev (tam adı: Çingiz Akif oğlu Abdullayev)(d. 7 aprel 1959) — Azərbaycan detektiv yazıçısı, nasir, publisist, 1989-cu ildən Azərbaycan SSR Yazıçılar İttifaqının, 1991-ci ildən isə Azərbaycan Yazıçılar Birliyinin üzvü, hüquq elmləri doktoru (1991); "Neftçi" PFK-nın Müşahidə Şurasının sədri (31 mart 2015-ci ildən)

 

Həyatı

Çingiz Abdullayev 1959-cu il aprelin 7-də Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. Atası Abdullayev Akif Abdulla oğlu Böyük Vətən Müharibəsinin iştirakçısı olmuş, Naxçıvan Muxtar Respublikasında prokuror, Bakı şəhərində prokuror müavini, Azərbaycan Vəkillər Rəyasət Heyətinin sədri vəzifələrində çalışmışdır. Ç.Abdullayev Bakıda 189 saylı şəhər məktəbini bitirmişdir (1976). Azərbaycan Dövlət Universitetinin Hüquq fakültəsində təhsilini davam etdirmişdir (1976-1981)

 

Fəaliyyəti

Əmək fəaliyyətinə Bakı istehsalat birliyində hüquq məsləhətçisi, böyük hüquq məsləhətçisi və şöbə rəisi kimi başlamışdır (1981). Afrika, Asiya  və Avropa ölkələrində ezamiyyətdə olmuşdur (1984-1986). Sonra Bakı şəhəri Əzizbəyov rayonu icraiyyə komitəsində şöbə müdiri, KP Qaradağ rayonu komitəsində təşkilat şöbəsinin təlimatçısı, siyasi-maarif kabinetinin müdiri vəzifələrində çalışmışdır. 1989-cu ilin fevralından Azərbaycan Yazıçılar İttifaqının katibi olmuşdur. Beynəlxalq təcavüz problemi barədə dissertasiya müdafiə edib hüquq elmləri namizədi alimlik dərəcəsi almışdır (1968). Polşanın Krakov Universitetinin fəxri professorudur (1989). H.Z.Tağıyev adına Xeyriyyə Cəmiyyətinin sədri (1990-cı ildən) və Azərbaycan Yazıçılar Birliyinin katibi (1991-ci ildən) seçilmişdir. Azərbaycan Demokratik Ziyalılar İttifaqı nəzdində olan milli akademiyanın doktorudur (1990). Beynəlxalq cinayət problemi barədə doktorluq dissertasiyası müdafiə etmişdir (1991). Azərbaycan PEN klubunun vitse-prezidentidir (1990).

Ədəbi fəaliyyətə tələbəlik dövründən başlamışdır. 1983-cü ildən dövri mətbuatda oçerk, məqalə və detektiv janrda yazdığı hekayələrlə müntəzəm çıxış edir. Rus dilində yazıb-yaradır. İngilis və italyan dillərində sərbəst danışır. Əsərləri xarici ölkə xalqlarının dillərinə tərcümə olunmuşdur. Almaniyada, İrlandiyada, fransada, Rusiyada kütləvi tirajla buraxılmış, 27 milyon nüsxədə olan 600-dən çox kitabı dünyada yayılmışdır. 194 adda kitabın müəllifidir. Bütün bu kitablar onu siyasi detektiv janrında yazan ən məhsuldar müasir yazıçılardan biri kimi tanıtdırmışdır. Xidmətlərinə görə "Qırmızı Əmək Bayrağı" ordeni və medallarla təltif olunmuşdur. Keçmiş SSR Yazıçılar İttifaqının nümayəndələri tərkibində Çexoslavokiya, Yuqoslaviya (1978), Bolqarıstan (1986), Danimarka (1989), Polşada (1989) səfərdə olmuşdur.

Çingiz Abdullayev2009-cu il aprel ayının 7-də Azərbaycanın ədəbi həyatında fəal iştirakına görə "Şöhrət" ordeni ilə təltif edilib.

2014-cü ilin noyabr ayından İnterpolun fəxri səfiridir.

30 mart 2015-ci ildən "Neftçi" Futbol Klubunun Müşahidə Şurasının sədridir