slide

Onore de Balzak

Onore de Balzak (20 may 1799– 18 avqust 1850) — XIX əsr görkəmli fransız yazıçı-dramaturqu. Adı Tarixdə 100 ən çox öyrənilən şəxsiyyətlər siyahısına daxil edilib.

Qərbi Avropa realizminin zirvəsi Onore de Balzak hesab edilir. Onun ən məşhur əsəri – "Bəşəri komediya" və ya "İnsan komediyası" (La Comédie humaine) adlı epopeyada fransız həyatının bütün sahələri 143 kitabda əks etdirilməli idi. O, bütün gücünü sərf edərək 90 roman və novella yazdı. Bu epopeyaya "Şaqren dərisi", "Yevgeniya Qrande", "Qorio ata", "Sezar Biroto", "İtirilmiş illüziyalar" Vadidəki Zambaq və digər romanlar daxildir. 

Yazdığı yüzdən artıq roman və pyesləri birlikdə "İnsan komediyası" (La Comédie humaine) adı altında tanınır. Bu əsərlər toplusu və ya seriyası 1815-ci ildə Napoleon Bonapart Fransasının süqutundan sonrakı dövr fransız cəmiyyətinin, xüsusilə də burjua təbəqəsinin komik-satirik mənzərəsini canlandırır.

Digər fransız yazıçısı Qustav Flober ilə birgə Avropa ədəbiyyatında realizm məktəbinin əsasını qoymuşdur. Balzakın pyesləri bir qayda olaraq oxucuda gülüş doğurmaqla yanaşı, aydın ifadə olunmuş rəngarəng obrazlar və pərdələrdəki hər bir səhnənin nəfis təsviri tamaşaçıda xüsusi maraq oyadır.

Adı Tarixdə 100 ən çox öyrənilən şəxsiyyətlər siyahısına daxil edilib. Balzakın əsərləri bəşəriyyətin bədii inkişafında irəliyə doğru nəhəng bir addımdır. İlhamın, istedadın, yaradıcı təxəyyülün qüdrəti etibarı ilə o, Nizami Gəncəvi, Aligyeri Dante, Uilyam Şekspir, Lev Tolstoy kimi sənətkarlarla bir cərgədə dayanır. Yüz əlli ildən çoxdur ki, onun şəxsiyyəti, zəmanəsi, dünyagörüşü, fövqəladə həcmə və dəyərə malik olan bədii irsi ətrafında gedən mübahisələr səngimək bilmir. Realist sənətin, dünya mədəniyyətinin ən mütərəqqi ənənələrinin varisi olan sosialist bədii fikrinin inkişafını Balzaksız təsəvvür etmək olmaz. Balzak, bütün Avropanı lərzəyə gətirən 1789-1794-cü illər burjua inqilabından sonra yaranan mühitdə yetişmişdir. O, Fransada Napoleonun hakimiyyəti, mütləqiyyət üsuli-idarəsinin bərpası və yenidən devrilməsi, 1830-cu il iyul inqilabı ilə əlaqədar hadisələrin, 1848-ci il inqilabını yetişdirən ictimai-siyasi çaxnaşmaların bilavasitə şahidi olmuşdur. Nə Balzakı, nə də onun yaradıcılığını fransız xalqının bu əzəmətli, eyni zamanda keşməkeşli illərdə qazandığı siyasi-inqilabi təcrübədən, tərəqqidən ayrı təsəvvür etmək olmaz. Balzak, bunsuz öz nəhəng epopeyasını, Fransanın ilk burjua inqilabından sonrakı əlli illik tarixinin bədii ensiklopediyası olan "Bəşəri komediya"sını yarada, qüdrətli xalq yazıçısına çevrilə bilməzdi. Fransız xalqının 1789-1794-cü illər inqilabı ilə nəticələnən və bütün Avropanı ayağa qaldıran qüdrətli siyasi fəallığı, gücü, cismani və mənəvi yüksəlişi Balzakın fəlsəfi-əxlaqi, ədəbi-estetik görüşlərinin, bədii şücaətinin dayağı, zəmini olmuşdur. Bunsuz Balzak fransız tənqidi realizminin zirvəsi, həqiqətin əsl carçısı ola bilməzdi. Fransız, o cümlədən Avropa tənqidi realizminin ən parlaq dövrünün Balzakın yazıb-yaratdığı, təşəkkül tapdığı 20-40-cı illərə təsadüf etməsi də həmin dayaq, zəminlə bağlıdır.

Bu dayağı bütün varlığı ilə duyan "Bəşəri komediya"nın müəllifi sənət və sənətkar qarşısında çox böyük tələblər qoyurdu. Onun gənc yaşlarından fikri, arzusu sənət aləminin Napoleonu olmaq idi. O, Napoleonun xırda heykəlinin özülünə bu sözləri həkk etmişdi: "Onun qılıncla başladığını mən qələmlə tamamlayacağam". Balzaka görə, sənətkar ömrünü hökmdarları, dünyanın güclərini tərifləməklə zay etməməlidir, o, bilməlidir ki, adi məqam sahibləri qısa bir dövrün, əsl sənətkarlar isə əsrlərin hakimidirlər. O, öz "mən"inin əsiri olan romantiklərdən bədii müşahidənin obyektivliyini, gerçəkliyə sədaqəti əsas götürən realistləri ciddi surətdə fərqləndirir. Valter Skottu ona görə yüksək qiymətləndirir ki, onun yaradıcılığında dünya qalxıb özünə tamaşa etməkdən sanki heyran olub. Sənətkarın ən böyük vəzifəsi və məqsədi bütün cəmiyyətin tarixini əks etdirməkdir. Bunu isə tipik, səciyyəvi surətlərsiz həyata keçirmək olmaz. Hər hansı tipik surət ancaq tipikliyinin gücü sayəsində nəhəng olur. Balzak, öz epopeyasını yazarkən niyyətinin dərin tarixi mündəricəsini gözəl anlayaraq göstərirdi ki, mənim əsərlərimdə tarixçi fransız cəmiyyətinin özü olacaq, mən isə onun katibi sifətində çıxış edəcəyəm. Bu məqsəddə o, ictimai hadisələrin, nəhəng tiplər yığınının, ehtirasların, əhvalatların, ümumi əsasını öyrənmək, aşkar etmək, bu cəmiyyətin həyatının mənzərəsini, bütün tarixçilərin unutduğu bir sahəni - əxlaq və adətlərin tarixini yaratmaq qərarına gəlir. Balzak, həmin əsası ictimai mühərrik adlandırır və onu əks etdirmək üçün heç bir tipi, kişi və qadın xarakterini, heç bir peşəni, məişət formasını, ictimai zümrəni, heç bir fransız əyalətini, həmçinin uşaqlığı, qocalığı, yetkinliyi, siyasət, hüquq, hərb aləmini unutmamağı əsas kimi götürür. Uydurulmuş faktları deyil, ətrafda baş verən hadisələri, insan qəlbinin, ictimai münasibətlərin tarixini canlandırmağa qərar verir. Öz coğrafiyası, ailələri, məskənləri, şəraiti, iştirakçıları və faktları, gerbi, zadəganları, burjuaları, rəssamları, kəndliləri, siyasətçiləri, ədabazları, ordusu, bir sözlə, bütöv dünyası olan bir abidə yaratmağı qət edir.

Yuxarıda haqqında danışılan dayaqsız bu nəhəng ədəbi-estetik və fəlsəfi niyyət, bunsuz isə dahi sənətkarın bütün ömrünü həsr etdiyi 97 novelladan, povestdən və romandan ibarət ölməz epopeyası - "Bəşəri komediya" yarana bilməzdi.

 

Bəşəri komediya

"Bəşəri komediya"nın ilk əsərləri 1829-cu ildə, sonuncular isə 1847-ci ildə yazılmışdır. Epopeya üç hissəyə ayrılır:

"Əxlaqi tədqiqlər"

"Fəlsəfi tədqiqlər"

"Analitik tədqiqlər"

Əxlaqi tədqiqlər öz növbəsində altı bölməyə ayrılır:

1.Xüsusi həyat səhnələri ("Qobsek", "Polkovnik Şaber", "Qorio ata", "Qəyyumluq məsələsi", "Otuz yaşında qadın", "Kəbinsiz ailə", "Allahsızın ibadəti");

2.Əyalət həyatı səhnələri ("Ejen Qrande", "Qədim şeylər muzeyi", "Subayın həyatı", "İtirilmiş xəyallar");

3.Paris həyatının səhnələri ("On üç nəfərin əhvalatı", "Sezar Birotonun əzəmətinin və devrilməsinin tarixi", "Nusingenin evi", "Kurtizanların partlayışı və süqutu", "Façino Kane", "Yoxsul qohumlar", "Xanım de Kadinyanın sirləri");

4.Hərbi həyat səhnələri ("Şuanlar");

5.Siyasi həyat səhnələri ("Şübhəli iş", "Arsinin nümayəndəsi", "Marka");

6.Kənd həyatı səhnələri ("Kəndlilər", "Kənd həkimi", "Kənd rühanisi").

Fəlsəfi tədqiqlərə aşağıdakı əsərlər daxildir:

"Şaqren dərisi", "Məchul şah əsəri", "Uzun ömür iksiri", "Qambara", "Lün Lamber" "Serafita", "Mütləq ünsürün sorağında".

Analitik tədqiqlər iki əsərdən ibarətdir :

"Kəbinin təbiəti", "Ailə həyatının xırda məşəqqətləri".

Balzak özü "Bəşəri komediya"nı "üç-dörd min iştirakçısı olan dram" adlandırmışdır. Əsəri külliyyat halında oxuyan kəs özünü nəhənglər məmləkətinə düşmüş Qulliver kimi hiss edir. Epopeyanın güddüyü niyyət, ondakı qəhrəmanların ehtirasları, iradələri, əməlləri, nifrətləri, sevgiləri, fəth etdikləri zirvələr, düşdükləri girdablar, törətdikləri rəzalət, güvəndikləri əqidə və inam miqyas etibarı ilə o qədər dərin, uca və intəhasızdır ki, adam əsəri oxuduqdan sonra sehirli, sehirli olduğu qədər də gerçək bir aləmə səyahətdən qayıtmış kimi olur. Ancaq Balzak istər mütləqiyyətçilərdən və respublikaçılardan ("Şuanlar"), amansız sələmçilərdən ("Qobsek", "Ejen Qrande" ), burjua əxlaqının qurbanlarından ("Qorio ata", "Kurtizanların parlayışı və süqutu", "İtirilmiş xəyallar"), milyonçulardan ("Ejen Qrande", "Nusingenin evi"), şairlərdən, kəndlilərdən, istər zadəganlardan ("Qədim şeylər muzeyi") yazsın; o, bu mübaliğələrə öz dövründə baş verən mühüm tarixi hadisəni - inqilabdan əvvəlki feodal quruluşunun inqilabdan sonrakı burjua üsuli-idarəsi ilə əvəz olunmasını, köhnə sərvətin yeni, maliyyə kapitalı, feodal əxlaqı və ailə münasibətlərinin burjua əxlaq və ailə qaydaları tərəfindən sıxışdırılıb aradan çıxarılmasını daha obyektiv, daha inandırıcı təsvir etmək üçün əl atır. Bu siyasi-ictimai təbəddülatın şəxsiyyətin və cəmiyyətin, ayrı-ayrı siniflərin və zümrələrin həyatında doğurduğu ümidləri, məyusluğu, kədəri, məzhəkəni, faciəni bəzən qəzəblə, bəzən kinayə, bəzən də təəssüflə seyr edir, zülmə, istismara, haqsızlığa məruz qalanlar üçün çarələr axtarır, amansız ictimai mühərrikin, yəni sərvət, altun, mənfəət və qazanc ehtirasının qurbanı olan bəşərin halına filosofcasına acıyır, onu düz yola çəkməyə çalışır. Canlandırıcı aləm inandırıcı olsun deyə, cəmiyyəti fərdin, fərdi isə cəmiyyətin gözü ilə ölçüb-biçir, burjuaları və zadəganları, zadəganlaşan burjuaların və xalqın dramatik mübarizəsini tipik surətlər vasitəsi ilə tipik şəraitdə canlandırır. Marks və Engels bunu Balzak realizminin mühüm nailiyyəti kimi qiymətləndirmişlər.

Balzakın 30-cu illərdə yaratdığı və "Bəşəri komediya"ya daxil etdiyi əsərlərdə burjua cəmiyyətinin əxlaqının ifşası əsas yer tutur. Sələmçi Qobsek ("Qobsek") mənəvi eybəcərliyin, sərvətə əsaslanan hakimiyyətin törətdiyi rəzalətlərin mənbəyidir. Hamının hamıyla boğuşub-didişdiyi əsrdə yaşayan Qobsek böyük zəka sahbi olsa da, qızıldan başqa heç nəyə inanmır, onun yeganə ehtirası da məhz qızıldır. Hamının müharibədə ölmüş bildiyi zabit Şaber ("Polkovnik Şaber") təsadüfən sağ qalsa da, var dövlətini mənimsəyib başqasına ərə gedən arvadına diriliyini sübut edə bilmir, qobseklər cəmiyyəti onu ələ salır, tanımaqdan vaz keçir.

Kasıb zadəgan ailəsindən çıxmış ağıllı, savadlı və mərifətli Rafael de Valentin ("Şaqren dərisi") sərvət dünyası ilə təmasa girən kimi pozulur, bu dünyanın fəlsəfəsini əxz edən kimi xudbinləşir, dərinin təmsil etdiyi sərvətlə bağlı cah-cəlal, eyş-işrət, intəhasız maddi imkan ehtirasının qurbanı olur.

Keçmiş çəllək ustası Feliks Qrande ("Ejen Qrande") burjua əxlaqının ən səciyyəvi cəhətlərini əks etdirən surət kimi Balzakın mühüm bədii nailiyyətidir. Sərvət dünyasının bu xəsis cəngavərini qazanc ehtirası yırtıcıya döndərir, təbii hisslərini kütləşdirir. Onun xəstə təsəvvürlərində qızıl sikkələri insanlar kimi yaşayır. O, qızılı maddi rifah xatirinə deyil, daha da artırmaq naminə yığır. Qarpaqon, Hacı Qara, Plyuşkin, İuduşka Qolovyov kimi qazancını nə özünə, nə də başqasına sərf etmir. Amansız rəqabət əsasında soyduğu, qarət etdiyi adamların taleyi onu qətiyyən düşündürmür. O, buna qanuni bir şey kimi baxır və bu imkanı yaradan ictimai quruluşu bəyənib, bacardığı qədər müdafiə edir. Çünki onu yetişdirən məhz bu cəmiyyətdir, belə ki, xəsislik Qrandenin anadangəlmə xüsusiyyəti deyil. Onun qızı da bu azara ətrafındakıların təsiri nəticəsində yoluxur.

"Qorio ata" romanı "Bəşəri komediya"nın sütunlarından biridir. Bu əsərdə yazıçı yoxsul tələbələrin, katorqaçıların, müflisləşmiş burjuaların, pozğun və amansız kübar qadınların, fırıldaqçı tacirlərin dolaşdığı mühitdə "ictimai mühərrik"in doğurduğu münasibətləri, insanlara aşıladığı eybəcər əqidəni, yaratdığı mənəvi uçurumu qüdrətlə əks etdirmişdir. Burjua cəmiyyətinin məhsulu olan Qorio ata eyni zamanda onun əxlaqının qurbanıdır. Min bir fırıldaqla sərvət qazanan, bütün varlığını övlad məhəbbətinə qurban verən bu zavallı insan ölüm ayağında boynuna alır ki, pul insana hər şey, hətta övlad bəxş edirmiş. Balzak okean kimi nəhayətsizdir. O – bir dahilik burulğanı, böyük hiddət fırtınası və ehtiraslar tufanıdır.  

Balzak Puşkinlə eyni ildə (1799), cəmi iki həftə əvvəl dünyaya gəlib, lakin ondan 13 il çox yaşayıb. Hər iki dahi insan qəlbinin və bəşəri münasibətlərin elə dərinliklərinə nüfuz etməyə cəsarət göstəmişdilər ki, onlara qədər hələ heç kim buna müvəffəq ola bilməmişdi. Balzak öz epopeyasını dahi florensiyalının böyük əsərinə analoji olaraq “Bəşəri komediya” adlandırmaqla Dantenin özünə belə çağırış göndərməkdən çəkinməmişdi. Ancaq elə burası da var ki, eyni əsaslarla bu əsəri “Fövqəladə” (“İnsan qüvvəsindən xaric”) də adlandırmaq olar. Çünki belə bir möhtəşəm yaradıcılıq məhsulunu yaratmağa yalnız bir titanın (qədim yunan əsatirində allahlarla vuruşan nəhəng – tərc.) gücü yetərdi. 

“Bəşəri komediya” yazıçının özünün roman, povest və hekayələrinin geniş silsiləsinə verdiyi ümumi addır. Silsiləyə daxil edilmiş əsərlərin əksəriyyəti Balzakın onlara ümumi birləşdirici ad seçməsindən xeyli əvvəl nəşr olunmuşdu. Yazıçı öz ideyası barədə belə yazırdı: Təxminən otuz il  əvvəl başladığım əsəri “Bəşəri komediya” adlandırarkən onun ideyasını izah etməyi, bu ideyanın haradan doğması haqda danışmağı, planı qısaca şərh etməyi, həm də bütün bunları sanki onlara heç bir aidiyyətim yoxmuş kimi ifadə etməyi lazım bilirəm. «…»

“Bəşəri komediya”nın ilkin ideyası qarşımda sanki hansısa bir xəyal kimi, oxşayıb əzizlədiyin, lakin tuta bilmədiyin həyatakeçməz ideyalardan biri kimi  canlanırdı; məsxərəçi xülya özünün qadın simasını belə göstərir, fəqət həmin an da qanadlarını açaraq fantaziyalar aləminə uçur. Lakin bir çox digər xəyallar kimi bu xülya da canlandırılır: o, hökmranlıq edir, onun mayası hüdudsuz hakimiyyətdən yoğrulmuşdu və ona tabe olmaq gərəkdir. Bu əsərin yaranması ideyası insanlığın heyvanlar aləmi ilə müqayisəsindən doğdu. «…» Bu baxımdan cəmiyyət təbiətə bənzəyir. Axı cəmiyyəti insanlar yaradır, müvafiq olaraq onun fəaliyyətdə olduğu mühitdə də heyvanlar aləmində movcud olduğu qədər müxtəlif növlər var. Əsgər, fəhlə, məmur, vəkil, sərsəri, alim, dövlət xadimi, tacir, dənizçi, şair, yoxsul kəndli və keşiş arasındakı fərq nə qədər çətin dərk edilsə də, elə canavar, şir, uzunqulaq, qarğa, akula, suiti, qoyun və digərlərini bir-birindən ayıran fərq dəyərindədir. Beləliklə, heyvanlar səltənətinin növləri kimi insan cəmiyyətində də növlər mövcuddur və həmişə də mövcud olacaq."

Əslində, “Bəşəri komediya”nın məşhur “Müqəddimə”sindən gətirilən parçada Balzakın yaradıcılıq metodunun sirlərini açıqlayan əqidəsi öz təcəssümünü tapıb. Nəbatat alimləri və zooloqlar bitki və heyvanlar aləmini sistemləşdirdikləri kimi, o da, insan tipləri və xarakterlərini sistemləşdirirdi. Bu zaman, Balzakın sözlərinə görə, həyatın böyük axınında heyvanlar aləmi (heyvanilik) insanlar aləminə (insaniliyə) nüfuz edir, qarışır. Ehtiras – bütün insanlıq budur! Yazıçı hesab edir ki, insan nə xeyirxahdır, nə qəddar, sadəcə, o, instinktlər və meyillərlə doğulur. Yalnız təbiətin özünün bizə verdiyi materialı mümkün olduqca daha dəqiq təsvir və təlqin etmək qalır. Yazıçı ənənəvi kanonların və hətta təsnifatın formal-məntiqi qaydalarının xilafına “varlığın üç formasını” göstərirdi: kişi, qadın və cansız əşya. Başqa sözlə, insanlar və “onların düşüncələrinin maddi təzahürləri”. Ancaq görünür, elə məhz bu “xilafına” da Balzaka öz roman və povestlərinin təkrarolunmaz dünyasını yaratmağa imkan verdi və bunu heç nə ilə qarışıq salmaq olmaz. Balzakın qəhrəmanlarını da heç kimlə səhv salmaq olmur. “Müəyyən bir dövrün üç min insanı” – yazıçı özü onları fəxrlə belə xarakterizə edirdi.   

 Balzakın özünün də istədiyi kimi, “Bəşəri komediya”nın mürəkkəb  strukturu var. Hər şeydən əvvəl, o, üç müxtəlif böyük hissəyə ayrılır: “Xislət haqqında etüdlər”, “Fəlsəfi etüdlər” və “Analitik etüdlər”. Əslində isə bütün başlıca və böyük əsərlər (cüzi istisna ilə) birinci hissədə toplanıb.

Balzakın “Qobsek”, “Qorio Ata”, “Ejen Qrande”, “İtirilmiş xəyallar”, “Kurtizankanın dəbdəbə və səfaləti” və s. kimi dahiyanə əsərləri məhz buraya daxildir. “Xislət haqqında etüdlər” də öz növbəsində “səhnələr”ə bölünür: “Özəl həyat səhnələri”, “Əyalət həyatı səhnələri”, “Paris həyatı səhnələri”, “Hərbi həyat səhnələri” və “Kənd həyatı səhnələri”. Bəzi silsilələr tam geniş işlənməmiş qalıb: Balzak “Analitik etüdlər”dən yalnız “Nikahın fiziologiyası”nı, “Hərbi həyat səhnələri”ndən isə macəra romanı “Şuanlar”ı yaza bildi. Halbuki yazıçı nəhəng planlar qurmuşdu. O, Napoleon müharibəsinin bütün panoramasını yaratmaq istəyirdi (çoxcildli, lakin fransız nöqteyi-nəzərindən yazılmış “Hərb və sülh”ü təsəvvürünüzə gətirin).  

Balzak özünün böyük əsərinin fəlsəfi statusa malik olduğunu iddia edirdi və hətta orada xüsusi “fəlsəfi hissə” də ayırmışdı. Buraya digər əsərlərlə yanaşı “Lui Lamber”, “Mütləqiyyət axtarışları”, “Gizli şedevr”, “Uzunömürlülük iksiri”, “Serafita” və “fəlsəfi etüdlər” içərisində ən məşhuru “Şaqren dərisi” də daxildir. Ancaq Balzakın dahiliyinə böyük hörmət hissilə qəti və aydın şəkildə demək lazımdır ki, yazıçıdan, sözün əsl mənasında, böyük filosof alınmadı: mənəvi həyatın bu ənənəvi sahəsində onun bilikləri nə qədər geniş olsa da, tamamilə səthi və eklektik (bir-birinə zidd olan fikirləri, nəzəriyyələri prinsipsiz olaraq bir-birilə birləşdirməyə çalışan alim, filosof yaxud siyasətçi – tərc.) səviyyədə idi.  Burada qəbahətli heç nə yoxdur. Ələlxüsus da ona görə ki, Balzak özünün bənzərsiz fəlsəfəsini – insan ehtirasları və instinktləri fəlsəfəsini yaratmışdı.

Sonuncular sırasında Balzaka xas ölçülərə görə, ən başlıcası, əlbəttə ki, sahiblənmək instinktidir. Hansı konkret formada təzahür etməsindən asılı olmayaraq: siyasətçilərdə - hakimiyyət hərisliyində; işbazda – qazanc hərisliyində; manyakda – qan, zorakılıq və zülm hərisliyində; kişidə qadın hərisliyində (və əksinə). Sözsüz, Balzak insan meyil və davranıışlarının ən həssas siminə toxunmuşdu. Bu fenomen özünün müxtəlif aspektlərində yazıçının ayrı-ayrı əsərlərində açılıb. Ancaq bir qayda olaraq bütün aspektlər, fokusda olduğu kimi, onların istənilən birində cəmləşmişdi. Bəziləri isə təkrarolunmaz Balzak qəhrəmanlarında təcəssümünü tapıb onların timsalına və mücəssəməsinə çevrilib. Dünya ədəbiyyatının ən məşhur əsərlərindən biri - eyniadlı povestin baş qəhrəmanı Qobsek belədir. 

Qobsekin adı "istismarçı" kimi tərcümə olunur, ancaq məhz fransız vokalizasiyasında o, ümumi ismə çevrilib və qazancın özü naminə qazancın simvoluna çevrilib. Qobsek – kapitalist dahisidir, onun heyranedici duyma qabiliyyəti və insan taleyini amansızcasına tapdalayaraq tam mənasıyla ədəbsizlik və abırsızlıqla öz kapitalını artırmaq bacarığı var. Balzakın özünün də təəccübünə rəğmən, qızılın hakimiyyətini – “ümumilikdə hazırkı cəmiyyətin ruhi-mənəvi mahiyyətini” təcəssüm etdirən fantastik fiqur, sən demə, bu büzüşmüş qoca özü imiş. Lakin adı çəkilən keyfiyyətlər olmadan kapitalist münasibələri də prinsipcə, mövcud ola bilməz. Əks halda bu, tamamilə başqa bir quruluş olacaq. Qobsek – kaptalist mühitinin romantikidir: sələmçi toruna düşənlərin əsl hökmdarına çevrilən insanların bütün məqamlarda ruhunun necə tənəzzül etməsini və çirkinləşməsini seyr etmək ona mənfəətin özü qədər həqiqi zövq verir.

Fəqət Qobsek – həm də pulun hökmran olduğu cəmiyyətin qurbanıdır: o, qadın məhəbbətinin nə olduğunu bilmir, onun zövcəsi və uşaqları yoxdur, o, başqalarına sevinc bəxş etməyin nə olduğunu belə dərk etmir. Onun ardınca göz yaşı və acı, darmadağın edilmiş tale və ölümlər şleyfi (qadın paltarının yerlə sürünən uzun dal ətəyi – tərc.) sürünür. O, çox dövlətlidir, fəqət yarıac-yarıtox bir həyat yaşayır, bir qəpikdən ötrü boğazını çeynəməyə hazırdır. O, mənasız simicliyin canlı mücəssəməsidir. Sələmçi həyata əlvida deyəndən sonra onun ikimərtəbəli evinin qapısı kilidli otağında xeyli çürümüş əşya, iylənib qoxumuş azuqə və sursatlar tapılır: həyatının sonuna yaxın müstəmləkə fırıldaqları ilə məşğul olan Qobsek rüşvət kimi təkcə pul və qiymətli əşyalar deyil, heç əlinin ucu ilə də toxunmadığı, arı sürfələri və kif cücülərinə qonaqlıq vermək üçün qıfıl altda gizlətdiyi hər cür delikateslər də alırdı. Balzakın povesti – siyasi iqtisad dərsliyi deyil. Yazıçı kapitalist gerçəkliyinin amansız dünyasını personajlar və onların içərisində olduqları situasiyaların realist təsviri vasitəsilə yaradır. Lakin dahi sənətkarın əli ilə cızılmış portret və təsvirlər olmadan həmin gerçək dünya haqqında təsəvvürlərimiz natamam və yoxsul olardı. Budur, elə həmin Qobsekin xrestomatik xarakteristikası:     

Mənim sələmçimin çallaşmış kül rəngli saçları tamamilə dümdüz, həmişə səliqə ilə daranmış idi. Üz cizgiləri Taleyranınkı kimi donuq və soyuq idi, sanki tuncdan tökülmüşdü. Safsar (xəzlik heyvan – tərc.) kimi kiçik və sarı, demək olar ki, kirpiksiz gözləri parlaq işığa tab gətirə bilmirdi. Odur ki, o, gözlərini didilmiş kartuzun (qabağı günlüklü furajka, papaq – tərc.) böyük günlüyü ilə qoruyurdu. Çopurlardan kələ-kötür olmuş uzun bununun iti ucu burğuya oxşayırdı, dodaqları isə Rembrandt və Metsanın rəsmlərindəki kimyagərlər və köhnə qocalarınkı kimi napnazik idi. Bu insan çox sakit, yumşaq danışırdı, heç vaxt hirslənməzdi. Yaşı əsl tampaca idi «…» Bu, hər gün qurulan hansısa avtomat-insan idi. Əgər kağızın üstü ilə sürüşən məryəmqurduna toxunsaq, o, anidən dayanacaq və donub qalacaq; bax, bu insan da eynən söhbət edərkən qəfildən susar, pəncərə altından keçən fayton və ya arabanın səs-küyü yatanadək gözləyərdi, çünki səsini qaldırmaq istəməzdi. O, Fontenellini örnək alaraq, özündə bütün insani hissləri boğaraq həyat enerjisini qoruyub saxlayıb. Qədimi qum saatındakı qum necə səssizcə axıb tökülürdüsə, onun həyatı da eləcə sakitcə keçmişdi. Hərdən onun qurbanları hiddətlənib qəzəblə qışqırırlar, sonra qəfildən ölü sukutu çökür, sanki mətbəxdə ördək kəsirlər. Bir qəhrəmanın xarakteristikası üçün bir neçə ştrix. Balzakda isə belə qəhrəmanlar minlərlə idi – hər bir romanda onlarla belə obrazlar var idi.  O, gecə-gündüz yazırdı. Amma yenə də düşündüklərinin hamısını yarada bilmədi. “Bəşəri komediya” tamamlanmamış qalır. O, müəllifin özünü də yandırıb-yaxır. Cəmi 144 əsər planlaşdırılmışdı, heç 91-i yazılmadı. Əgər belə bir sual verilsə ki, XIX əsrdə Qərbi Avropada ən böyük, qüdrətli və əlçatmaz şəxsiyyət kim idi, cavab tapmaq çətin olmaz! Bu -  Balzakdır! Zolya “Bəşəri komediya”nı “Babil qülləsi” ilə müqayisə edirdi. Müqayisə tamamilə məntiqlidir: və əslində, Balzakın siklopik (tək gözü olan nəhəng - tərc.) yaradıcılığında nə isə əzəli-xaotik və bütün hüdudlar dışında nəhəng bir şey var.

 

Əsərləri

Bəşəri komediya

"Bəşəri komediya" silsilə əsərlər toplusuna ümumilkdə 95 tamamlanmış (hekayələri, romanları və analitik oçerkləri) və 48 natamam (və ya yalnız adları məlum olan) əsərləri daxildir. Buraya 5 teatr pyesi və "Contes drolatiques" adlı məzhəkəli povestlər toplusu (1832-37) daxil deyil.

Bəşəri komediya toplusundan bəzi əsərləri:

  • Qobsek (1830, Balzaka ilk söhrət gətirən əsərlərdən biri)
  • Şaqren dərisi (1831)
  • Ejen Qrande (1833)
  • Qorio ata (text) (1835)
  • Illusions perdues (I, 1837; II, 1839; III, 1843)
  • La Cousine Bette (1846)
  • Splendeurs et misères des courtisanes (1847)
     

    Pyesləri:

  • Kromvell (1820)
  • Ressources de Quinola (1842)
  • Pamela Jiru (1843)
  • La Marâtre (1848)
  • Mercadet ou le Faiseur (1848)


1