Məhsul kodu: 10289
Hər kəs siyasi lider ola bilməz. Liderlər doğulurlar. Lakin istənilən şəxs bilik və təcrübənin sayəsində siyasətçi ola bilər. Bu kitab lider olmağı deyil, siyasətçi olmağı öyrədir.
Hər bir siyasətçi öz fəaliyyətində yan təsirlərlə yanaşı ilk növbədə zaman faktorunu nəzərə almalıdır. Siyasətdə bəzən elə dönəmlər olur ki, nəyisə dəyişmək, yenilik etmək və nəsə yaratmaq mümkün olmur. Tarixi dəyişikliklər üçün sadəcə bilgi, bacarıq və təcrübə yetərli deyil. Dəyişikliklər üçün həm də zaman yetişməlidir. Necə ki, dəyişiklik dalğası üzərində Bill Klinton Respublikaçıların 12 illik fasiləsiz hakimiyyətinə son verərək ikinci dünya müharibəsindən sonra dünyaya göz açmış nəslin ilk nümayəndəsi olaraq ABŞ prezidenti seçilir. Necə ki, Barak Obama inqilabi dəyişikliyə imzasını ataraq ABŞ-ın ilk qaradərili prezidenti olur. Necə ki, Çilidə müxalifətlə bir komandada çalışan müasir reklam və PR texnoloqları seçkilərdə qalib gələrək Pinoçetin 15 illik diktatura hakimiyyətinə son qoyurlar. Necə ki, Mixail Saakaşvilli həm seçkidəki qələbəsi, həm də şəxsi qətiyyəti ilə post-sovet məkanında məxməri inqilabın və ən uğurlu islahatların müəllifi olur.
Əlinizdə olan bu kitab zamanın ruhunu duymağı deyil, qalib gəlmək üçün nəyi və necə etməyi öyrədir. Zamanın ruhunu hiss etmək çox az adama nəsib olur. Lakin lider də olsanız, hətta zamanın ruhunu duysanız belə, qalib gəlmək üçün praktiki bilik və bacarıqlara sahib olmalısınız.