Məhsul kodu: 11579
Fəlsəfədən söz açılanda ağıla ilk gələn sual “fəlsəfə nədir?” sualı olur. Çox az adam tapılar ki, bu sualı ömründə, ən azı, bir dəfə də olsa, özünə verməmiş olsun. Bununla belə, çox vaxt bu suala tərif müstəvisində cavab tapmağa çalışanlar ümidsizliyə qapılırlar; çünki fəlsəfəyə verilən abstrakt təriflərlə tanış olduqda onun haqqında konkret bir təsəvvür əldə edə bilmirlər. Deməli, hədəfə çatmaq üçün başqa bir yol izləmək lazımdır.
Dövrümüzün dünyaca məşhur məntiqçi və filosoflarından olan Yuzef Boxenski məhz bu yeni yolu göstərir. O bizi özü ilə birlikdə fəlsəfənin əsas problemləri haqqında dərindən düşünməyə dəvət edir. Çünki fəlsəfənin nə olduğunu bilmək üçün ən yaxşı yol konkret fəlsəfi problemlər haqqında düşünməkdir.
Siz bu kitabda tarix boyu insanları daim düşündürmüş və həmişə düşündürəcək on fundamental problemlə bağlı böyük filosofların yanaşmaları, arqumentləri, tənqidləri ilə yaxından tanış olacaq və bu intellektual təcrübənin həzzini yaşayacaqsınız.