Məhsul kodu: 11739
Bundan əvvəl Y. Heyzinqin Orta Əsrlərin Payızı Alatoran Yayınlarında işıq üzü görüb. Oynayan İnsan əsərinin tərcüməsini ana dilimizə qazandırmaqla görkəmli holland tarixçisi və kulturoloqunun seçilmiş əsərlərinin nəşrinə davam edirik. Klassik Homo ludens [Oynayan İnsan] əsəri oyun fenomeninin hərtərəfli mahiyyətinə və onun bəşər sivilizasiyasında universal əhəmiyyətinə həsr edilmişdir. Kitabda mədəniyyət tarixi və kulturologiyaya aid hələ də aktual olan fəlsəfi və metodoloji məsələlər hərtərəfli nəzərdən keçirilir. Y.Heyzinq tarixə və mədəniyyətə yanaşmanın nəzəri və əxlaqi əsaslarına aydınlıq gətirir. Bu əsərində müəllif mədəniyyət nəzəriyyəsi və tarixinin fundamental problemlərini təhlil edir, araşdırma yüksək elmi dəyəri, aydınlığı və təqdimatının inandırıcılığı, parlaqlığı və inamlılığı ilə seçilir. Faktiki materialın müxtəlifliyi, əhatə dairəsinin genişliyi, üstəlik əsərin bədii məziyyətləri oxucunun diqqətindən qaçmayacadır. Yohan Heyzinqin əsərlərinə maraq illər keçdikcə artmaqdadır. Buna səbəb onun tarixi gerçəklərə sadiq qalmasında, onu araşdırarkən faktları ideologiyalara tabe tutmamasındadır. Heyzinqə görə tarix ondan dərs çıxartmaq üçün deyil, tarix canlı və çoxüzlü prosesdir, bəzən o başqa cür də cərəyan edə bilər. Ona görə tarixin hər hansı məqsədi və məcburiyyəti yoxdur, onun nə hər şeyi təyin edən prinsipləri, nə də hərəkətverici motoru vardır. Heyzinq tarixi prosesləri analiz edərkən onun monolit vəhdətini inkar edir. Bu yanaşma onun əsərlərinə inandırıcılıq verir. Heyzinq tarixi proseslərə pozitivist açıdan baxmır və bu proseslərin rasional izahı olduğunu iddia etmir.