Məhsul kodu: 3468
Dünya ədəbiyyatının fenomeni sayılan Latın Amerikası nəsrinin ötən əsrin 50-ci illərindən Avropanı fəth etmiş nümayəndələrindən biri də məşhur Qvatemala nasiri, şairi, jurnalisti və diplomatı Migel Anxel Asturiasdır. Doğma ölkəsində yaşayan yerli xalqların – hindu tayfalarının hüquqları uğrunda çarpışan, onların tarixini, mədəniyyətini, ədəbiyyatını dünya məkanına çıxarmağa can atan Asturias “Hər şeyi hindu ölçüsüylə ölçən yazıçı” adını nahaq yerə qazanmamışdır. Bu şərəfli məqama o, bütün həyatı və yaradıcılığıyla çatmışdır.
Migel Asturias siyasi proseslərə qarışmadan jurnalistika və bədii yaradıcılıqla məşğul olmağı daha üstün tutmuşdur. Latın Amerikası nəsrinə xas keyfiyyətlər – təhkiyə özünəməxsusluğu, mifologizmdən istifadə, nağıl və əfsanə ünsürləri, irreallıqlar Asturias nəsrində müşahidə edilir.
Dünya ədəbiyyatı seriyasından olan Nobel mükafatçısı Asturiasın “Seçilmiş əsərləri” kitabına onun “Mais adamlar” romanı, “Lida salın aynası” silsiləsindən olan hekayələri, “Qvatemala” silsiləsindən olan əfsanələri, “Kukulkan – qanadlı ilan” pyesi toplanmışdır.
Latın Amerikası romanının çağdaş yetkinlik mərhələsinə qədəm qoymasında mühüm rolu olan yazıçılar içərisində Migel Asturiasın adı birincilər sırasında çəkilir. O, təkcə Latın Amerikası ədəbiyyatının yox, bütövlükdə dünya ədəbiyyatının incilərindən sayılır.