Məhsul kodu: 6429
Amerika yazıçısı Nell Harper Linin “Bülbülü öldürmək” romanı aktual bir məsələyə-irqçilik əleyhinə mübarizəyə həsr olunmuşdur. Hadisələr keçən əsrin 30-cu illərində ABŞ-ın Alabama ştatında cərəyan edir. O vaxtlar hələ Martin Lüter King, Ancela Devis mübarizə meydanına atılmamış, irqçiliyə qarşı mübarizə bu qədər kəskinləşməmişdi. Əsər Amerikanın cənubundakı kiçik yuxulu bir şəhərdə yaşayan balaca bir qızın dilindən səslənir. Bu hekayədə onun qardaşı Cimmi, dostu Dill, atası- dürüst, prinsipial, köhnə “cənub aristokratiyasının” sonuncu ən yaxşı nümayəndəsi, vəkil Attukus Finç də var. Romandakı hadisələr ağ dərili bir qıza təcavüzdə suçlanan qaradərili bir oğlanın məhkəmə prosesi zamanı yüksələn xətt üzrə inkişaf edir və pik nöqtəyə çatır. Əsərdə hər şeydən öncə Amerika tarixinin dönüş nöqtəsi öz əksini tapıb. Amerikanın cənubuna xas olan ksenofobiya, rasizm, dözülməzlik və riyakarlığa qarşı yavaş-yavaş “dəyişiklik küləyi” əsməyə başlayır. Bu külək nə gətirəcək, köklü dəyişiklik yarada biləcəkmi?!
Roman insanların irqinə, dərisinin rənginə görə alçaltmaq əleyhinə bu gün də alovlu ittiham kimi səslənməkdədir.