Məhsul kodu: 8835
Qadın xəyanəti dünyada yaxşı nə varsa, hamısını bir anda darmadağın etməyə qadirdir. Hər şey bir göz qırpımında dəyərsizləşir, xüsusilə də saf gənclik məhəbbəti, ilk görüşün həyəcanı, əhd-peyman, ömürlük sədaqət andları, ehtiraslı dodaqların pıçıltı ilə oxuduğu sevgi nəğmələri, xoşbəxt ailə həyatı sənə artıq zəhər qatılmış bal, qorxunc kabus, murdar yalan kimi görünür. Xəyanət gözünün önündə bütün həyatın, insani hisslərin qatilinə çevrilir...
Maçado de Assisin portuqal dilində qələmə aldığı “Don Kasmurro” romanı ilk dəfə 1899-cu ildə işıq üzü görüb. Sadə insanların, kənardan məsum və günahsız görünən kişi və qadınların riyakar həyat tərzi əsərdə fərqli dildə, fərqli ifadə tərzində oxucuya təqdim edilir. Müəllif sirlərlə dolu qəlbləri parçalayan yalanları, saxtakarlıqları ifşa etməkdə çox sərrast və amansızdır. Onun həlim, sadəlövh görünən dili özündə əslində ironiya və istehzanı, dərin satiranı ehtiva edir. “Don Kasmurro”nu oxuyandan sonra həyata, insanlara, sevgiyə, dostluğa münasibətiniz kökündən dəyişəcək. Əgər əsərin mahiyyətini dərk edərək, yazıçının tikanlı satirasını anlayaraq oxusanız, bu dəyişiklik sizin üçün təhlükəli də ola bilər...
Portuqaldilli ədəbiyyatın Şekspiri...