Məhsul kodu: 8876
Ştefan Svayqın ən məşhur novellası “Şahmat” insan şüurunun siyasi təzyiq ucbatından necə haçalandığını, ikiləşməyə məruz qaldığını açıq-aşkar göstərən və insanı dərindən sarsıdan bənzərsiz əsərdir. Usta yazıçı bu kiçikhəcmli əsərdə XX əsr Avropa mədəniyyətinin süquta uğradığını – Hitleri simvolizə edən Çentoviç kimi küt, lovğa bir adamın şahmat üzrə dünya çempionu olması – və ümumilikdə həmin dövrdə dünyada hökm sürən müharibə və zorakılıq ab-havasını – Doktor B.-nin amansız şəkildə təcrid edilərək dəliyə çevrilməsi – mahiranə şəkildə əks etdirir.
Dünya ədəbiyyatının, bəlkə də, ən vahiməli və başgicəlləndirici səhnələrindən biri Doktor B.-nin, şahmatla zəhərlənmiş dünyasında keçirdiyi hisslərdir. Burada oxucu, insanın təcridedilmə nəticəsində hansı iztirablar yaşadığını, “heçliyə” düşdüyünü, faşizmin nəinki insanları kütləvi şəkildə qırdığını, bundan da betəri, insanı mənəvi cəhətdən işgəncəyə məruz qoyduğunu beyninin bütün hüceyrələrinə qədər hiss edir.