Məhsul kodu: 9322
Yalnız Azərbaycan ədəbiyyatının deyil, dünya ədəbiyyatının da nadir incilərindən sayılan Kitabi-Dədə Qorqud dastanı xalqımızın ən qədim yazılı söz abidələrindən biridir. Dastan on iki boydan, hər boy qədim türk tayfası olan Oğuzların həyat və düşüncə tərzini əks etdirən müstəqil süjetdən ibarətdir. Boyların müəllifliyi Dədə Qorquda aid edilir. O, Oğuz türklərinin başbiləni, yolgöstərənidir.
Dastanın Müqəddimə sində Dədə Qorqudun Məhəmməd peyğəmbər zamanında (VII əsr) yaşadığı və onun üzünü gördüyü qeyd edilir. Orta əsr tarixçilərindən bəzilərinin yazdığına görə isə, Dədə Qorqud türklər tərəfindən elçi sifətilə Məhəmməd peyğəmbərin yanına göndərilib.
Tədqiqatçılar hesab edirlər ki, Kitabi-Dədə Qorqud boyları ilk dəfə XI yüzillikdə Kitabi-Dədəm Qorqud adı ilə yazıya alınıb. Onun hazırda əlimizdə olan iki nüsxəsi var. Müqəddimə və 12 boydan ibarət olan Drezden (Almaniya) və eyni müqəddimə ilə 6 boydan ibarət olan Vatikan (İtaliya) nüsxələrinin XVI əsrdə üzü köçürülmüş əlyazmalar olduğu bildirilir. Drezden nüsxəsi 1972-ci ilin avqustunda Bakıya gətirilib.
Orta məktəb şagirdləri üçün nəzərdə tutulan bu kitab Kitabi-Dədə Qorqud dastanının 1999-cu ildə Elm nəşriyyatı tərəfindən çapa hazırlanan sadələşdirilmiş mətni əsasında işlənmişdir. Bununla belə, kitabda dastanın bütün qolları əksini tapmışdır.