Məhsul kodu: 11500
Mişel Fuko (Michel Foucault; 1926–1984) — fransız filosofu, tarixçisi və mədəniyyət nəzəriyyəçisi, Fransa strukturalizminin görkəmli nümayəndəsi, XX əsrin ikinci yarısının ən nüfuzlu mütəfəkkirlərindən biridir. Bu gün Fuko müasir fəlsəfə və mədəniyyət nəzəriyyəsi sahəsində ən çox istinad olunan müəlliflərdəndir. Oxuculara təqdim etdiyimiz əsər onun 2 dekabr 1970-ci ildə “Kollej de Frans”da düşüncə sistemi tarixi kafedrasının müdiri vəzifəsinin icrasına başlamazdan əvvəl oxuduğu inaqurasiya müzahirəsindən ibarətdir. “Diskursun nizamı” adı ilə nəşr olunan və sonradan böyük şöhrət qazanan bu mətn Fukonun ən əhəmiyyətli əsərlərindən biri hesab olunur. Mətni rus dilinə S.Tabaçnikova tərcümə edib. Kitabdakı şərhlər və qeydlər tərcüməçiyə məxsusdur.
Fransız dilindəki mətndə “Diskursun nizamı” sərlövhəsindən dərhal sonra aşağıdakı izahla qarşılaşırıq: “Kollej de Frans”da 2 dekabr 1970-ci ildə oxunmuş inauqurasiya mühazirəsi”. Təntənəli səslənsə də, gözəldir: Fransız elmi mühitində Mişel Fuko “müqəddəslər müqəddəsi” kimi qəbul olunur. 1530-cu ildə I Fransuanın açdığı Kral Kolleci hər şeydən öncə akademik və konservativ üslubu ilə tanınan Sorbonna Univesitetindən asılı olmayan, hətta müəyyən mənada ona alternativ sayılan təhsil müəssisəsi idi (bu, elə indi də belədir). Bu gün “Kollej de Frans” Fransa və dünya mədəniyyətinin “qaymaqlarını” öz auditoriyalarına cəlb edir. Filosoflar və alimləri, ədəbiyyatçı və musiqiçiləri elə “Kollej”in öz müəllimləri seçir, seçimlər namizədlərin daşıdıqları ad və titullara, yaxud universitet iyerarxiyasında tutduğu mövqeyinə görə deyil, yalnız yaradıcılıq nailiyyətlərinə və onların mədəniyyət sahəsinə verdikləri həqiqi töhfələrə uyğun şəkildə həyata keçirilir. Namizədlər on iki saat ərzində geniş kütləyə öz fəaliyyətlərinin mahiyyəti, onun əsas istiqamətləri və başlıca nəticələri barədə danışmaq imkanı əldə edirlər (“Kollej de Frans”da mühazirələr hamıya açıqdır və onları dinləmək üçün heç bir ödəniş tələb olunmur): Ernest Renanın düsturuna əsaslansaq, “Elm – icradadır”. “Kollej”də mühazirələr təkrar oxunmur.