Məhsul kodu: 11853
“Lissabon gecəsi” əsəri həm də müəyyən qədər avtobioqrafikdir. 1961-ci ildə çap edilmiş bu roman immiqrant həyatı haqqındadır. Çünki kitabın nəşri zamanı yazıçı siyasi fikirlərinə görə artıq Amerikada mühacir həyatı yaşayırdı.
Əsərdə İkinci Dünya Müharibəsinin başlanğıcında nasist idealogiyasının sürətlə yayıldığı dövrdə insanların öz evlərini, vətənlərini və dəyərlərini geridə qoyub yeni dünya üçün qaçışa başladığı, Afrika, Amerika qitələrinə üz tutduğu, üstünü qara buludlar almış Avropa ölkələri və həmişə hər şeyə qarşı ən güclü qüvvə olan sevgi və ölüm qorxusundan qaçışın geniş təsviri var.
“Lissabon gecəsi” əsas qəhrəmanın dilindən nəql edilir. Nasistlərdən canını qurtaran qəhrəman sevgilisi Rutla Lissabona gəlib düşür. Burada o, bütün mümkün yollarla Amerikaya viza və ABŞ-a yola düşən paroxoda bilet almağa cəhd göstərir. Və hər dəfəsində uğursuzluğa məhkum olur. 1942-ci ilin gecələrinin birində o, sahildə paroxoda biletləri ona havayı verməyə hazır olan yad bir kişi ilə tanış olur. Ancaq həmin kişinin bir şərti var: bu gecəni onunla keçirməli və onun danışdığı hekayəyə qulaq asmalıdır.
Belə ki, biz hekayəni dilindən oxuduğumuz qəhrəmanı deyil, haqqında söhbət açılan Şvarsı daha yaxından tanıyacağıq. Onun verdiyi qurbanlar, onun qaçaq həyatı, gözlənilməz qərarları, qorxunc cəsarəti və sevgisi... Oxucu həm də onun həyat yoldaşı Heleni tanıyır. Bu qarışıq zamanda etdiyi seçimlər, ağlasığmaz pozitivliyi və son ana qədərki mübarizə əzmi və ya cəhdi. Bu hekayə həmin obrazların həyat dramıdır.
“Lissabon gecəsi” Remarkın digər anti-faşist romanlarından fərqli olaraq, subyektiv yaşantılar müstəvisindədir. Digər qəhrəmanlardan fərqli olaraq, Şvars bu yola qeyri-iradi düşüb, çünki xanımının qardaşı fanatik faşistdir. Digər bir məqam bu romanda qabarıq şəkildə verilən mühacir həmrəyliyi mövzusudur. Bəlkə də tam anlamıyla həmrəylik yox, yaşananların gətirdiyi sadə anlayışlar, dəstəklər və bütünün dəyişimləri. Ölən yol yoldaşının, tale bənzərinin yerinə keçmə imkanı, qazanıla bilən yeni kimliklər, keçmişi və gələcəyi fərqli insanların daşıdığı “eyni” ad və soyadlar və tarixin bir parçası olan xatirələr.